Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan səyyar aksiyalar vətəndaşların elə yaşadıqları kənd və qəsəbələrdə qeydiyyat xidmətlərindən yararlanmasını təmin edir.
Unikal.org xəbər verir ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası əhalinin rahat və əlçatan formada xidmətlərdən istifadəsinə, eləcə də ölkə üzrə leqal daşınmaz əmlakların sayının artmasına yönəlib.
Xidmətləri birbaşa ünvanlara aparan səyyar qeydiyyat aksiyasının fürsətlərindən bu həftə Samux rayonunun sakinləri yararlanacaq. Sosial kampaniya 01-02 iyul tarixlərində Samux rayonunun İnstitut qəsəbəsində (İnstitut binasının qarşısı), 03-05 iyul tarixlərində isə Qarayeri qəsəbəsində (Musiqi məktəbinin qarşısı) keçiriləcək. Vətəndaşlar saat 09:00-dan 17:00-a qədər yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, hüquqi yardım və məsləhət üçün də səyyar avtobusa müraciət edə bilər.
Qeyd edək ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası vaxta qənaəti təmin edir, sakinlərin qeydiyyat xidmətləri üçün digər yerlərə getməsinin qarşısını alır. Müasir şərait və operativ xidmət imkanları daha çox vətəndaşın eyni anda xidmətlərdən yararlanmasına şərait yaratmaqla məmnunluğu artırır.