"Ermənistanda korrupsiya ilə mübarizə kosmetik xarakter daşıyır"
Bunu 1in.am saytına müsahibəsində Ermənistanın sabiq səhiyyə naziri Ararat Mkrtçyan bildirib. Onun sözlərinə görə, səhiyyə sektoru ölkədə gedən proseslərdən kənarda qala bilməz.
"Bir-iki şəxsə qarşı cinayət işi açmaqla müsbət nəticə əldə etmək mümkün deyil. Ölkədə korrupsiyanın kökü daha dərində yerləşir".
Eks-nazirin sözlərinə görə, Ermənistanda rüşvət faktı ilə yanaşı dövlət sifarişi anlayışı mövcuddur: "Belə kosmetik işlər və ya komissiyanı yaradılması ilə biz çətin ki, uğur əldə edək. Çünki bu halların effektiv olmamasının səbəbi siyasi iradənin olmaması ilə bağlıdır. Əhaliyə pulsuz tibbi yardım göstərilməlidir. Ermənistanda ən böyük problemlər səhiyyə sektorundadır".
Sabiq nazir vurğulayıb ki, ölkənin dərman bazarında da ciddi problemlər mövcuddur: "Dərman bazarı monopoliyadadır. Ermənistan dərman pereparatlarının regionda ən bahalı olduğu ölkədir. Tibbi xidmətlərin də qiyməti müntəzəm olaraq artır. Xəstəxanalar yeni texnika alır və dərhal xidmət haqlarını qaldırır.
"Bu gün xəstəxanalar arasında ciddi rəqabət var. Ermənistanda əhalinin sayı günbəgün azalır, lakin tibbi müəssisələrin sayı artır. Bu parodoksdur. Bu korrupsiyanın olmasından xəbər verir. Xəstəxanalar açır, avadanlıqlar gətirir və insanları soymağa başlayırlar. Bu sahədə xeyli sayda problemlər var".
Sabiq nazir ölkədə korrupsiyanın tüğyan etdiyini vurğulayıb. (AzVision.az)