"İlk dəqiqədən rəqibin müdafiə olunacağını gözləyirdik. Bütün komanda ilə müdafiədə oturdular. Arxadan hücumlar qurmaq çətindir. Onlara əks-hücum üçün şərait yaratdıq. Qol buraxandan öncə də təhlükəli epizodlarımız oldu. Hesabda geri düşməyimizə baxmayaraq toparlana bildik. Futbolçular sona qədər vuruşdular və təslim olmadılar. Cavab görüşündə də bunu təkrarlamağa çalışacağıq".
Unikal.org xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsinin ilk duelində İsrailin "Bney Yehuda" kollektivi ilə heç-heçə (2:2) etdikləri görüşdən sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis bildirib ki, oyunçuları xarakter göstərib: "İstəsəniz məni tənqid edə bilərsiniz. İlk yarıda arxa xəttdən oyun qurmağa cəhd göstərdik. Ötürmələrdə səhv etdik rəqib də bundan yararlandı. Amma sonda 2 qol vura bildik. Həftə ərzində bu oyuna hazırlaşdıq. Biz öz işimizi görməli və oyuna hazırlaşmalıyıq. Hamısı matça köklənmişdi və yaxşı hazırlaşmışdıq. Müdafiə olunanda komanda şəklində müdafiə olunmaq lazımdır. Səhvlərimizin üzərində işləyəcəyik. İnanıram ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq".
Bordin deyib ki, oyunu düzgün qiymətləndirmək lazımdır: "Öncəki rəqibimiz Rusiya "Arsenal"ı futbol oynayırdı. İndiki rəqib isə ancaq müdafiə barədə düşünürdü. Onların müdafiəyə çəkiləcəyini bilirdik. Bunun üçün Platellasa ehtiyac duydum. Onun topla oynamağı yaxşıdır. Sonda isə Baqali Dabonu da meydana buraxdım".
Məşqçi görüşdə aqressiv olmadığını deyib: "Rəqib ancaq müdafiə olunurdu. İkinci yarıda vaxtın tez keçməsini istəyirdilər. Biz qələbə qazanmaq istəyirdik. "Bney Yehuda" düzgün müdafiə olundu və istədiyi nəticəni qazandı".
İtaliyalı mütəxəssis futbolçusu Mamadu Mboc barədə də danışıb: "O başla yaxşı oynayır. Rəqib bizim qapıya yaxınlaşa bilmirdi. Mbocu ona görə meydana buraxdım ki, o, hər an qol vura bilir".
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü bir həftə sonra İsraildə olacaq.