Sentyabrın 20-də Rusiya-Azərbaycan sərhədində yerləşən "Samur" gömrük postunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında növbəti işçi görüş keçirilib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Unikal.org-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov və Dağıstan Gömrük İdarəsinin rəisi Ruslan Yəhyayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin qatıldığı görüşdə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində yarana biləcək növbələrin aradan qaldırılması, şəxslər, mallar və nəqliyyat vasitələrinin intensiv qaydada buraxılışının təşkili, Azərbaycanla Rusiya arasında daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüşün sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalanıb.