Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, həftənin üçüncü matçında "Sabah" "Səbail"i qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə başa çatıb - 3:0. Hesabı 78-ci dəqiqədə Coşqun Diniyev açıb. İkinci topu 85-ci dəqiqədə Cavid İmamverdiyev vurub. 

Son nöqtəni isə 90+6-cı dəqiqədə 2000-ci il təvəllüdlü Şakir Seyidov qoyub.

Cari çempionatda ilk qələbəsini qazanan "Sabah" xalını 5-ə çatdırıb və sonuncu yerdən qurtulub. "Səbail" isə 10 xalla ikinci sırada qalıb.

İqor Ponomaryov bu qarşılaşmada "Sabah"ın müvəqqəti baş məşqçisi kimi debüt etsə də, müvafiq kateqoriyası olmadığı üçün texniki zonada klub rəsmisi kimi əyləşib. Onu oyun sonrası mətbuat konfransında protokolda baş məşqçi kimi göstərilən köməkçisi Rövşən Babayev əvəzləyib.

Qeyd edək ki, həftənin ilk iki matçında "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib - 2:0. 

"Qəbələ" isə doğma meydanda "Neftçi"yə 3 cavabsız qolla uduzub. 

Tura bu gün saat 19:45-də start götürəcək "Keşlə" - "Zirə" qarşılaşması ilə yekun vurulacaq.