Üçqat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev İctimai Televiziyada efirə gedən "Bol İdman" verilişinin qonağı olub.
Unikal.org xəbər verir ki, Kənan Hakimovun aparıcılığı ilə yayımlanan verilişdə 28 yaşlı idmançı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında rusiyalı Hacımurad Rəşidovla təsnifat mərhələsinin görüşü zamanı baş verən qalmaqallı şərh edib.
O, həmin çempionatda haqsızlığa uğradığını bildirib. H.Əliyev məşqçiləri - Arif Abdullayev və Zəlimxan Hüseynovla bağlı iradını bildirib. O qeyd edib ki, Firdovsi Umudov onların məşqçisi olsaydı başlarına elə hadisə gəlməyəcəkdi:
"Haqsızlığa tez-tez uğrayırıq. Hakimlər bəzən 50/50-yə düşündükdə haqsızlıq edirlər. Amma bu dəfəki hadisə tamamilə başqa idi. Başıma ilk dəfə belə hadisə gəldi. Hakimlərin etdiyi böyük səhvdir.
Qərardan sonra xalça üzərində tək qaldım. Məşqçilərimiz də mənə dəstək məqsədilə yanıma gəlməli idilər. Amma bunu etmədilər. Bu, bizim güləşimizə yaraşmır. Firdovsi müəllim xalça ətrafında olsaydı, əminəm ki, orada məni tək qoymaz, öz dəstəyini nümayiş etdirərdi. Dəfələrlə olub ki, Firdovsi müəllim bizə görə qırmızı kart da alıb".
Dünya çempionu açıqlamasında bildirib ki, özü və digər güləşçilər Firdovsi Umudovun yenidən milli komandaya qayıtmasını istəyir:
"Tək mən yox, bütün komanda istəyir ki, Firdovsi müəllimin yenidən baş məşqçi olsun. Baş məşqçi olmasa da, millimizin nəzarətini öz üzərinə götürsün. Komandada Firdovsi Umudov və böyük məşqçimiz Zəlimxan Hüseynovun olması kifayətdir. Yəni, yeni baş məşqçiyə ehtiyacımız olmaz".