Oktyabrın 18-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı arasında həyata keçirilən "Hunter" layihəsi çərçivəsində gömrük əməkdaşları üçün "Sərnişinlərə dair ilkin məlumat (APİ) və Sərnişin adlarının qeydiyyatı (PNR) sahəsi üzrə hədəflərin müəyyənləşdirilməsi" mövzusunda keçirilən dördgünlük seminarın məruzəçiləri - Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Bob Hilton və Ancela Valmsli Dövlət Gömrük Komitəsinin Akademiyasında olublar.
Unikal.org xəbər verir ki, akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq onları Akademiyada görməkdən məmnunluğunu ifadə edib. O, Akademiyanın yaranması və inkişaf tarixi, mütəxəssis hazırlığı, DGK-nın əməkdaşları üçün ilkin xidmətə hazırlıq və ixtisasartırma kurslarının təşkili haqqında məlumat verib. Qulu Novruzov Akademiyanın fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet yer tutduğunu bildirib.
Qonaqlar təmsil etdikləri qurumların fəaliyyəti haqqında, xüsusən gömrük işinin təşkili sahəsində müasir biliklərin yayılması istiqamətində həyata keçirilən layihələr haqqında danışıblar.
Görüşdə Akademiyanın fəaliyyətinə dəyərli töhfə verə biləcək sahələrdə əməkdaşlıq perspektivləri və birgə tədbirlərin həyata keçirilməsi müzakirə edilib.
Sonra qonaqlar Akademiyada yaradılan infrastrukturla yaxından tanış olublar.
Qeyd edək ki, 15-18 oktyabr tarixlərində keçirilən seminar çərçivəsində Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Bob Hilton və Debbie Tether tərəfindən iştirakçılara "Aviasərnişinlər üçün Riskin İdarəolunmasına Giriş" , "Qərarlara Əsaslanan Riskin İdarəolunması və Digər Texnikalar" , "Profilləşdirmə və Risk Göstəriciləri" və digər mövzularda məlumatlar verilib, praktiki məşğələlər keçirilib.