“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Kiprin APOEL klubu ilə qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Unikal.org xəbər verir ki, Qarayev, jurnalistlərlə görüşdə bunları deyib:
"Komanda olaraq yaxşı hazırlaşmışıq. İtkilərimiz yoxdur. Futbolçular üçün önəmli olan sabahkı oyuna həm psixoloji, həm də fiziki hazır olmaqdır. Çalışacağıq ki, azarkeş amilindən istifadə edib, qələbə qazanaq.
APOEL də bizi yaxşı təhlil edib. Bu oyunda fərqləndirəcəyimiz şey, azarkeşlərimizin qarşısında oynamaqdır. Başqa hallarda, komandalar bir-birlərini yaxşı tanıyır".
O daha sonra Lüksemburqdakı dron məsələsinə də toxunub:
"Biz Azərbaycanı, Qarabağı təmsil edirik. Belə çirkin işlərə, əməllərə fikir vermirik. Öz nailiyyətlərimizlə onlara cavab veririk. Qarabağ bizimdir, mənim olan şeylərə görə niyə qıcıq olmalıyam? Onların deyil deyə, belə edirlər, qıcıq olurlar. Heç kimə heç nəyi sübut etmək fikrimiz yoxdur. Lüksemburqda bir əski parçasını gətirib, meydana çıxarmaq özü gülünc bir şeydir".