UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan “Qəbələ” - APOEL görüşündən sonra qarşıdurma yaşanıb.
Unikal.org xəbər verir ki, Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, final fiti səsləndikdən sonra qələbəni çılğınlıqla bayram edən qonaq komandanın futbolçuları və rəsmiləri ilə “qırmızı-qaralar”ın bir neçə oyunçusu arasında dava düşüb.
Yalnız meydana “Qəbələ” akademiyasının rəhbər şəxsləri daxil olduqdan sonra aranı sakitləşdirmək mümkün olub.
Hadisələri yaxından izləyən görüşün baş hakimi “Qəbələ”nin futbolçusu Veysəl Rzayevə birbaşa qırmızı vərəqə göstərdi. Buna səbəb azərbaycanlı futbolçunun rəqib düşərgədən kiminsə başına şapalaq vurması oldu.
Qeyd edək ki, ilk oyunda səfərdə APOEL-lə 1:1 hesablı bərabərliyə müyəssər olan “Qəbələ” doğma “divarlar arası”nda 0:1 yenilərək turnirdəki iştirakını başa vurub.