Hazırkı hava şəraitini nəzərə alaraq hərəkət iştirakçıları – piyadalar və sürücülər yollarda diqqətli və həssas olmalıdırlar. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq.
Unikal.org xəbər verir ki, nunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a açıqlamasında deyib.
V.Əsədov bildirib: “Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur. Bu da yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər. Ona görə də şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Həmçinin işıq cihazları da təmiz olmalıdır ki, hər hansı bir manevr edərkən digər hərəkət iştirakçıları onu görə bilsin. Yol və metroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə edilməlidir ki, hərəkətdə olan zaman hər hansı təhlükə yaranarsa sürücü bundan yayına bilsin”.
V.Əsədov bildirib ki, yağışlı hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Sürücülər sürət həddini hava şəraitinə uyğun seçməlidirlər. Şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir. Sürücünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir. Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir.
Sürücülərin avtomobil yollarında yağış sularının yaratdığı gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalı olduqlarını vurğulayan V.Əsədov bildirib: “Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır. Ona görə də sürücülər diqqətli olmalıdırlar. Piyadalar isə belə hava şəraitində ancaq səki ilə hərəkət etməli, avtomobil yollarına çıxmamalıdırlar. Hər halda günün qaranlıq vaxtları işiqlanma sistemi olsa belə, yol tam görünmür. Ona görə də piyadalar avtomobillər üçün ümumi istifadədə olan yollara çıxmadan səki ilə hərəkət etməyə üstünlük verməlidirlər”.