"Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması məqsədilə müasir informasiya texnologiyalarının tətbiqini davam etdirir. Son illər Səhmdar Cəmiyyət tərəfindən müxtəlif növdə elektron xidmətlərin istifadəyə verilməsi vətəndaşların işini xeyli asanlaşdırıb.
Unikal.org xəbr verir ki, vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan olması, müraciətlərin asanlaşdırılması, göstərilən xidmətlərdə operativliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə yeni elektron portalın hazırlanması nəzərdə tutulub.
Yeni portalda vətəndaşlar üçün şəxsi kabinetlər yaradılacaq. İstifadəçilər şəxsi kabinetləri vasitəsilə “Azərsu” ASC haqqında məlumatlar, xəbərlər və elanlarla tanış olmaq, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə elektron qaydada ödənişlər etmək, o cümlədən portal üzərindən elektron arayışlar, informasiya sistemlərində toplanılan fərdi məlumatlar, faktura və ödəniş məlumatları, həmçinin digər sənədləri əldə etmək, portal vasitəsilə rəy və təkliflər bildirmək imkanı əldə edəcək.
“Azərsu” ASC yeni hazırlanacaq portalın loqosunun hazırlanması məqsədilə müsabiqə elan edir. Müsabiqənin şərtlərinə əsasən:
- Loqo portalın mahiyyətinə, “Azərsu” ASC-nin fəaliyyət sahəsinə aid olmalıdır;
- Loqoda bayraq atributlarından istifadə olunmamalıdır;
- Loqoda su ilə əlaqəli atributlardan istifadə olunmalıdır;
- Portal abonentlərə göstərilən bütün xidmətlər barədə məlumatları özündə əks
etdirəcək. Bu uyğun bir formada loqoda nəzərə alına bilər;
- Loqonun “favicon”u da olmalıdır;
- Loqo dizaynı bir neçə versiyada hazırlanmalıdır.
Nümunələr 22 noyabr 2019-cu il tarixinə qədər təqdim olunmalıdır. Nümunələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və müsabiqənin qalibi 500 manat məbləğində mükafatlandırılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər təkliflərini [email protected] ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə: “Azərsu” ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Rüfət Atakişiyev. Tel: 431-47-67 (daxili 1067).