"Həm Azərbaycanın, həm də bizim qol vurmaq üçün şanslarımız oldu. Oyun heç-heçə də başa çata bilərdi".
Unikal.org qol.az-a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn millisinin baş məşqçisi Martin Stocklasa Avropa çempionatının seçmə mərhələsində bu gün Sumqayıtda yığmamıza uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.
O, ilk görüşdə millimizə qalib gəldiklərini xatırladaraq həmin oyunun fərqli oduğunu bildirib: "Azərbaycan millisi daha ehtiyatlı oynadı. Amma bu komandalar arasında keçirilmiş ilk oyunda vəziyyət belə deyildi. Onda komandalar fərqli oyun nümayiş etdirmişdi.
Vaxtilə bura futbolçu kimi də gəlmişdim. O vaxtdan hər iki ölkənin yığma komandalarının inkişaf etdiyini, nəticələrini yaxşılaşdırdığını vurğulaya bilərəm. Azərbaycan millisinin hazırkı heyətində istedadlı futbolçular var".