Noyabrın 16-da Bakı İdman Sarayında bədii gimnastika üzrə ikinci “Victory and Aquatic Palace Cup” beynəlxalq turnirinin açılış mərasimi olub.

Unikal.org xəbər verir ki, əvvəlcə iştirakçı komandaların paradı keçirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra rəsmi açılış mərasiminə start verilib.

Bakı Su İdmanı Sarayının marketinq və ictimai əlaqələr şöbəsinin rəhbəri Elnarə Əliyeva çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, turnir artıq ikinci ildir təşkil olunur. Yarış Bakı Su İdmanı Sarayının və Rusiyanın “Viktoria” şirkətinin təşkilatçılığı ilə keçirilir. Azərbaycanın Gənclər və İdman Nazirliyi və Azərbaycan Gimnastika Federasiyasına yarışa dəstək olduqları üçün minnətdarlığını bildirən E.Əliyeva bildirib ki, yarışın keçirilməsində məqsəd ölkəmizdə idmanın inkişafına töhfə verməkdir. İki gün davam edəcək yarışda Azərbaycan ilə yanaşı, Rusiya və Gürcüstandan olan gimnastlar da birincilik uğrunda mübarizə aparacaqlar.

Yarışın yüksək səviyyədə təşkil olunduğunu deyən “Viktoria” şirkətinin rəhbəri Alina Labutina turnirdə güclü idmançıların iştirak etdiklərini diqqətə çatdırıb: “Azərbaycanda olmaqdan çox məmnunam. Bakı çox gözəl şəhərdir və paytaxtınız möhtəşəmliyi ilə məni heyran edir. Azərbaycanda həmişə idman tədbirləri yüksək səviyyədə keçirilir. “Victory and Aquatic Palace Cup” da onların sırasındadır. Buna görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, turnirdə 4–13 yaş qrupuna aid 250 gimnast birincilik uğrunda mübarizə aparır. İki gün davam edəcək turnirdə gimnastlar hər yaş qrupu üzrə mükafatlandırılacaqlar.