Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Unikal.org xəbər verir ki, turun ilk günündə bir oyun keçirilib.

Milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk qarşılaşma Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası son çempion “Qarabağ”ı qəbul edib.

Premyer Liqanın lideri olan Ağdam klubu ilk yarının sonlarında hesabı açıb. Xayme Romeronun zərbəsindən sonra top sumqayıtlı müdafiəçiyə toxunaraq istiqamətini dəyişdiyi üçün qapıçı aciz qalıb – 0:1.

“Sumqayıt” fasilədən sonra fəallığı artırıb. Bu, hissənin ortalarında bəhrəsini verib. Peyman Babayi qısa zaman kəsiyində vurduğu iki topla komandasını hesabda önə çıxarıb – 2:1. “Qarabağ” 69-cu dəqiqədə daha bir zərbə alıb. İsmayıl İbrahimli qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən qaçmağa səy göstəriblər. Lakin “Qarabağ” bunu bacarmayıb və mövsümdə ilk məğlubiyyətini alıb.

Bu, Avropa Liqasının “Sevilya” ilə səfərdəki vacib matçı ərəfəsində baş verib. “Sumqayıt” isə əzmkar qələbə ilə 3-cü pillədəki “Neftçi”ylə fərqi minimuma endirib.

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də baş tutacaq.