Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Sosial Məşğulluq Mərkəzi” layihəsinin icrasına başlanılıb.
Unikal.org xəbər verir ki, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən layihənin başlıca məqsədi əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması və onların məşğulluq imkanlarının artırılmasıdır. Həmçinin bu layihə əlilliyi olan şəxslərin təlim və təcrübə müddətində əldə etdikləri biliklər əsasında əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmağında mühüm rol oynayacaqdır.
Layihənin icrası müddətində Sumqayıt şəhərində yerləşən mərkəzdə 18-55 yaş aralığında əlilliyi olan şəxslərə mobil telefon ustası, dərzilik, foto və video operator peşələri üzrə nəzəri və praktiki biliklər öyrədiləcək. İlkin mərhələdə hər peşə üzrə 10 nəfər olmaqla, ümumilikdə 30 nəfəri əhatə edəcək layihə müddətində müvafiq sahələr üzrə mütəxəssislər tərəfindən nəzəri biliklərin öyrədilməsi ilə yanaşı, iştirakçılar seçdikləri peşəyə uyğun praktiki biliklərə də sahib olacaqlar. Bununla yanaşı, layihə iştirakçılarının hər biri müvafiq peşələr üzrə lazımi avadanlıqlarlə təmin olunacaq.
Xatırladaq ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində həyata keçirilən “Sosial layihələr” müsabiqəsi vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsi, habelə həyat və sağlamlığının qorunması, elm və təhsilin inkişafı, innovativ ideyaların reallaşdırılması və maarifləndirmə işinin təkmilləşdirilməsi, təbiət və ətraf mühitin mühafizəsi, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunması və bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.