İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) COVID-19 virusuna qarşı vaksin yaradılmasına görə 200 min dollar məbləğində mükafat təsis edib.
Unikal.org xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
Qeyd olunub ki, pul mükafatı koronavirusa qarşı vaksin hazırlayacaq şəxsə və ya tədqiqat aparan qrupa veriləcək. ISESCO-nun baş direktoru Salim Əl-Malikin sözlərinə görə, təşəbbüs qlobal pandemiya təhlükəsi yaradan virusun qarşısının daha tez alınması məqsədilə irəli sürülüb. O, əlavə edib ki, koronavirus qlobal sosial-iqtisadi böhrana da səbəb ola bilər. "Mükafatın təsis edilməsi ISESCO-nun elmi tədqiqatların dəstəklənməsi çərçivəsində həyata keçirilib. Biz hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını bu təhlükəli virusun qarşısının alınması üçün səyləri birləşdirməyə çağırırıq", -deyə Əl-Maliki vurğulayıb.
ISESCO-nun baş direktoru koronavirus infeksiyasından vəfat edənlərin ailələrinə başsağlığı verib, müalicə olunan şəxslərə tezliklə şəfa tapmalarını arzulayıb.