Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İran İslam Respublikasının dövlət bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasının limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyulur.
Unikal.org xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib.
Dövlət Dəniz Agentliyi tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi və lazımı tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.