2019-cu ildə Bakıya və digər bölgələrimizə atılan tullantıların miqdarı xeyli artıb.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlumata görə, 2019-cu ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2018-ci illə müqayisədə 0,9 min ton artaraq ümumilikdə 1122,1 min ton təşkil etmişdir ki, onun da 84,2 faizi və ya 945,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür.
Stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 3,5 faiz artmış, avtomobillərdən atılmış maddələrin həcmi isə 0,5 faiz azalmışdır. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,2 min ton, Sumqayıt şəhərində 0,4 min ton, Şirvan şəhərində 0,02 min ton artmışdır.
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 59,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində texnoloji proseslərin təkmilləşdirilməsi və mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması nəticəsində hava hövzəsinə il ərzində 41,9 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır.
Atmosferə atılmış bütün zərərli tullantıların 66,0 faizini karbohidrogenlər, 12,6 faizini azot oksidi, 9,1 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir.