Dünyada milyonlarla insana təsir edən ölümcül virus koronavirus pandemiyasının “ikinci dalğa” xəbərdarlıqlarına baxmayaraq insanlar yenə bir araya gəlməkdən çəkinmirlər.
Unikal.org xəbər verir ki, bu dəfə Çexiyanın paytaxtı Praqada yüzlərlə insan Çarlz körpüsündə “koronavirus”a vida şənliyini təşkil ediblər.
Belə ki, COVİD-19 infeksiyası səbəbiylə mart ayından bəri ölkədə tətbiq olunan sərt karantin rejiminin yüngülləşməsindən istifadə edən paytaxt sakinləri tarixi körpüdə bir araya gəliblər.
Çarlz körpüsündə 500 metrlik masanın ətrafında oturan Praqa sakinləri, “koronavirus”un bitməsini bu cür qeyd ediblər. Lakin, mütəxəssislər bu cür fəaliyyətlərin olmasının virusun yenidən baş qaldıracağından və daha da artacağından narahatdırlar.
Qeyd edək ki, Çexiya, Avropada koronavirusun qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edən ilk ölkələrdən biri olub. Son məlumata görə, 10 milyondan çox əhalisi olan ölkədə indiyə kimi 11 895 yoluxma və 349 ölüm halı qeydə alınıb.