İyulun 10-da saat 20:09-da Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Xızı rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin yaxınlığından mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Unikal.org-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Xızı rayon Polis Şöbəsinin və Hərbi Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə cari ilin 10-11 iyul tarixlərində Xızı rayonu, Məşədihəsən kəndi ərazisindən keçən körpünün altına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Mütəxəssislər tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 13 ədəd zenit top mərmisi (BZT) və 42 ədəd müxtəlif çaplı patronlar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Zenit top mərmilərinin və patronların ətrafında 200 kv.m əraziyə yerüstü, 2 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.