"Ümumiyyətlə, mənim üçün mükafat həyatımın məqsədi deyil. Mən işimi görürəm və adam kimi yaşamaq istəyirəm. Layiq bilib mükafatlandırıblar, çox sağ olsunlar. Yəni bu, mənim üçün heç bir məqsəd deyil".
Unikal.org xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elçin Şıxlı Teleqraf.com-a müsahibəsində deyib.
O, milli mətbuatın 145 illik yubileyi ərəfəsində “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsindən sonra yaranan müzakirələrə belə cavab verib:
"İndi bir çox insanlar təəssüf ki, məni yaltaq adlandırırlar, mənim kiməsə yarındığımı söyləyirlər. Bu da onların fikirləridir.
Doğrudur, adamı incidir, amma nə etmək olar?! Mənim üçün bu, dövlətin və Vətənin mükafatıdır. Bunu boş sözlər saymayın.
Gözləmirdim, amma layiq gördülər. “Vətənə xidmətə görə” – bu adın özü mənim üçün böyük bir şeydir. Ona görə böyük məmnuniyyətlə bu ordenlə təltif olunmağımı qəbul etdim. Bu, Vətəndir, başa düşürsüz?! Söhbət ondan gedir ki, biz də, iqtidarlar da, hökumətlər də gəldi gedərdi, amma dövlət və Vətən qalır. Bu, onun mükafatıdır, mən belə qavrayıram".