Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında təşkil edilən internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü başa çatıb.
Unikal.org xəbər verir ki, yarışın üçüncü - son günündə daha 2 turun oyunları baş tutub. Əvvəlki partiyalarda üstünlüyü ələ alan yığmamız daha iki turu qələbə ilə sona çatdırıb.
V turda Azərbaycan komandası 4,5:1,5 hesabı ilə qələbə qazanıb. Komandamızda Günay Məmmədzadə, Vüqar Əsədli, Xanım Balacayeva qələbə qazandığı halda, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Gülnar Məmmədova heç-heçəyə razılaşıb. VI turda təmsilçilərimiz 5:1 hesablı qələbəyə sevinib. Rauf Məmmədov, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva rəqibi məğlub edib. Şəhriyar Məmmədyarovla Günay Məmmədzadə heç-heçə oynayıb.
Altı turun yekun nəticəsində şahmatçılarımız qardaş ölkənin komandasına 26:10 hesabı ilə qalib gəliblər.