Gömrük rəsmiləşdirilməsinin sürətli şəkildə həyata keçirilərək malların qısa zaman kəsiyində sahibinə təhvil verilməsinin, təyinat gömrük orqanında vaxt və vəsait itkisinin aradan qaldırılmasının vacib şərtlərindən biri malların təsnifatının və mənşə ölkəsinin düzgün müəyyənləşdrilməsidir. Bu istiqamətdə yol verilən səhvlər adətən gömrük rəsmiləşdirilməsi prosesində ləngimələrə səbəb olur.
Unikal.org xəbər verir ki, Dövlət Gömrük Komitəsinin reallaşdırdığı yeni layihə bu sahədəki bütün maneələri aradan qaldıracaq.
Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralovun sözlərinə görə, “Məcburi qərarlar”ın tətbiqi ilə bağlı yeni layihə xarici ticarət iştirakçılarına gömrük əməliyyatlarının sürətli şəkildə həyata keçirilməsinə, vaxt və vəsait itkisinin qarşısının alınmasına şərait yaradacaq. Pilot variantda həyata keçirilən layihə malların təsnifatını və mənşə ölkəsini əhatə edəcək.
Məcburi qərarlar idxal-ixrac əməliyyatı həyata keçirilmədən öncə malların təsnifatını və mənşə ölkəsini müəyyən etmək məqsədilə qanunvericilikdə tələb olunan məlumatların şəxs tərəfindən gömrük orqanına əvvəlcədən təqdim edilməsi əsasında tətbiq olunur. Bu da təyinat gömrük orqanına çatdıqda qısa zaman kəsiyində, yəni dəqiqələr ərzində gömrük əməliyyatlarının yekunlaşdırılaraq malların sahibinə təhvil verilməsinə şərait yaradır. Əvvəllər isə şəxs təyinat gömrük orqanına çatan malın mənşə ölkəsinin və təsnifatının müəyyənləşdirilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddətdə, bəzən günlərlə ekspertizanın nəticələrini gözləyirdi ki, bu da əlavə vaxt və vəsait itkisi deməkdir.
Üstəlik proseslər əsasən informasiya texnologiyalarının tətbiqi ilə elektron qaydada həyata keçirildiyindən insan amili aradan qaldırılır, bu da şəffaflığın təmin olunması üçün vacib şərtlərdəndir.
Məcburi qərarlar xarici ticarət iştirakçısının gömrük orqanlarına yazılı və ya elektron qaydada müraciətinə əsasən qəbul edilir. Bununla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən xüsusi texnoloji sxem hazırlanaraq Komitənin rəsmi internet səhifəsində yerləşdirilb.
Biznes subyektləri Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki Sahibkarlar üçün bölməsinə daxil olduqdan sonra məcburi qərarlar alt bölməsindən müraciət ünvanlamaqla yeni layihədən faydalana bilərlər.
S.Qaralovun sözlərinə görə, hələlik pilot variantda tətbiq olunduğu üçün mallara dair məcburi qərarlar bir dəfəyə məxsus olaraq veriləcək. Layihə tam şəkildə tətbiq olunduqdan sonra isə məcburi qərarların qanunvericiliyə uyğun olaraq daha uzun müddətə verilməsi təmin olunacaq və sahibkarlar idxal etdikləri eyni mal üçün təkrar ekspertizaya müraciət etməyəcəklər.