Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2020-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.
Unikal.org Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə yaydığı məlumata görə xəbər verir ki, sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlar balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər.
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Sənaye balıq ovu məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN” Xidmət Mərkəzinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidir. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.