Əhalini narahat edən problem və qayğılarla yaxından tanış olmaq məqsədilə rəhbər işçilərin yaşayış məskənlərində tez-tez olmaları və aşkarlanan problemlərin həllindən ötrü vaxtında əməli tədbirlərin görülməsi ilə bağlı ölkə prezidentinin tapşırığının icrası Lənkəran Şəhər İcra Hakimiyyətinin də gündəlik fəaliyyətinin əsasını təşkil edir.
Unikal.org xəbər verir ki, icra başçısı Taleh Qaraşov başda olmaqla aparatın rəhbər işçiləri müntəzəm olaraq ayrı-ayrı kənd və qəsəbələrdə olub sakinlərlə söhbətlər aparır, qaldırılan məsələlər və irəli sürülən təkliflərlə yerindəcə tanış olur, onların həlli ilə bağlı tədbirlər müəyyənləşdirilir. Son illərdə rayonda böyük uğurla həyata keçirilən quruculuq-abadlıq işləri, məktəb tikintiləri, yol çəkilişləri, çoxmənzilli kommunal yaşayış binalarının əsaslı təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi iri investisiya tutumlu layihələrin çoxu məhz vətəndaşlarla görüşlər zamanı qaldırılan məsələlərin həssaslıqla araşdırılnmasının məntiqi nəticələri kimi qiymətləndirilir.
Avqustun 25-də rayonun Darquba və Səbir kəndlərinə baş çəkən İcra başçısı sakinlərin qayğıları ilə maraqlanmış, əvvəlki görüşlərdə qaldırılan məsələlərin həlli vəziyyəti ilə tanış olmuşdur. Darquba və Səbir kəndlərini birləşdirən yolun başdanbaşa asfaltlanmasının başa çatmasına təsadüf edən görüşdə sakinlər İcra başçısını sevinc hissi ilə qarşılayıblar. Onlar son illərdə ərazinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri, xüsusilə Darquba kəndində təhsilin keyfiyyətinin yüksəlməsinə gözəl imkanlar yaratmış, ən müasir şəraitə malik çoxmərtəbəli yaraşıqlı məktəbin tikilib istifadəyə verilməsini, ərazinin başdanbaşa qazlaşdırılmasını, içməli su, elektrik və rabitə xətlərinin yenilənməsini, çoxdan arzuladıqları Darquba-Səbir yolunun asfaltlanmasını dövlət başçısının vətəndaşlarına göstərdiyi əvəzsiz qayğısı kimi vurğulayaraq bu qayğıya görə ölkə Prezidentinə minnətdarlıq ifadə ediblər. Sakinlərin razılığını yüksək dəyərləndirən İcra başçısı vətəndaşların istək və arzularının yerinə yetirilməsi ilə bağlı işlərin bundan sonra da davamlı olaraq görüləcəyini diqqətə çatdırmaqla yanaşı koronavirus epidemiyası ilə əlaqədar rayonda həyata keçirilən kompleks tədbirlərdən də danışaraq onlara sayıqlığı itirməməyi, tətbiq olunan qaydaları pozmamağı, tibbi maskadan, qoruyucu vasitələrdən istifadə etməyi, təmas zamanı sosial məsafə saxlamağı tövsiyə edib.