Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında qalmaq istəyib.

Unikal.org xəbər verir ki, bu barədə onun vəkili Adil İsmayılov bildirib.

“Xəbər vermişdim ki, Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun barəsində CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilib və hazırda istintaq orada davam etdirilir.

Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın İstintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur. O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzatərində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim. Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər”, - A.İsmayılov bildirib.