Azərbaycanda vətəndaşın xəbəri olmadan onun adına torpaq sahəsi rəsmiləşdirilib.

Bu barədə Unikal.org-a şikayətçi Əliyev Vüsal Yaşar oğlu məlumat verib. O, qeyd edir ki, dövlət qurumlarının səhvini təsadüf nəticəsində öyrənib:

"Elektron hökümət portalında şəxsi kabinetimi nəzərdən keçirdiyim zaman adıma olan əmlakların siyahısında Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində 0.5880 ha torpaq olduğunu gördüm. Amma təbii ki, buna inana bilmədim. Çünki mənim adıçəkilən rayonla heç bir əlaqəm olmadığı üçün orada adıma pay torpağı ola bilməzdi. Məlumatı dəqiqləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdim. Həmin qurumun mənə verdiyi arayışda adıçəkilən kənddə 0.588 ha təsərrüfat təyinatlı torpağın 1/5 hissəsi mənimdir.Bundan sonra kiminsə mənim adımdan dələduzluq əməli törətdiyini ehtimal etdiyim üçün Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin  15 saylı Tovuz ərazi şöbəsinə getdim. Orada mənim adımla əməliyyat edildiyini və həmin torpağın satıldığını qeyd etdilər.Orada qeyd olunan məlumatlarda mənim ünvanın, təvəllüdüm yazılmışdı.Şöbənin rəisinin yanında oldum.Mənə dedilər ki, bu yanlışlıq Notariat xidmətinin səhvidir. Ona görə də, Tovuz Regional "ASAN Xidmət"in Notariat Xidmətinə müraciət etdim.Orada da bildirdilər ki, alqı-satqı əməliyyatı mənim adımla olub.Bunun texniki yanlışlıq olduğunu qeyd etdilər.Orada da səhvin Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin  15 saylı Tovuz ərazi şöbəsində olduğunu dedilər.Mənə məhkəməyə müraciət etməyimi məsləhət bildirdilər.İndi mən adıçəkilən qurumların tabe olduqları nazirliklərdən kömək istəyirəm ki, bu məsələ araşdırılsın.Bəlkə də kimsə mənim adımla hansısa dələduzluq əməli törədib. Mən bir neçə quruma müraciət etmişəm, elə idarələr var ki, ora dövlət rüsumu ödəmişəm. Mən niyə heç bir şeydən xəbərim olmadığı halda vəkilə müraciət etməliyəm?Niyə dövlət rüsumu ödəyim məhkəməyə müraciət etməliyəm? Xahiş edirəm bu məsələnin tam və şəffaf araşdırılması təmin olunsun."

***(02.09.2020)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmədindən Unikal.org-a bildirilib ki,  Bakı şəhər sakini Əliyev Vüsal Yaşar oğlunun Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən 0.588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun adından alqı-satqı olunması barədə müraciəti araşdırılıb. Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində mövcud məlumatların dəqiqləşdirilməsi zamanı müəyyən edilib ki, 0.588 ha torpaq sahəsinə dair əməliyyatın aparılması zamanı ad, soyad və ata adının eyniliyi səbəbindən Tovuz rayonu, Dönük Qırıqlı kənd sakini olan Əliyev Vüsal Yaşar oğlunun məlumatlarının əvəzinə Bakı şəhər sakini Əliyev Vüsal Yaşar oğlunun məlumatları sistemə daxil edilib. Göstərilənlərlə əlaqədar artıq müvafiq dəqiqləşdirmə aparılıb və məsələ həllini tapıb.

Famil Fərhadoğlu