Son zamanlar Xəzər TV-də baş verən islahatlar ən çox müzakirə edilən mövzulardandır. Unikal.org-a məsələ ilə bağlı açıqlama verən “Xəzər TV”nin prezidenti Murad Dadaşov yeni islahatların olacağını bildirib:

“Son zamanlar Azərbaycan televiziyasına izləmə artıb. Düzdür, bu, sevgidən deyil, ehtiyacdandır. Pandemiya şəraitində ediləcək başqa nəsə olmurdu. Ən yaxın müddətdə “Xəzər” telekanalı çox ciddi islahatlara start verəcək. Yeni verilişlər üzərində işləyirik. Yeni simalara gəlincə, biz “Xəzər” telekanalı olaraq yeni bir layihəyə başlamaq istəyirik. Bunu ilk dəfədir açıqlayıram. Biz yeni simaları “Xəzər”imizin “sahilinə” dəvət edəcəyik, qapılarımızı onların üzünə açacağıq, bunun üçün xüsusi bir heyət yaradırıq. Müxtəlif sahələr üzrə peşəkarları kanala toplamaq istəyirik. Təkcə aparıcılardan söhbət getmir, redaktor, operator, müxbir, rejisor, səs rejissorları, koordinatorlar, prodüserlər – ümumiyyətlə, hər sahədə yeni simalara böyük ehtiyacımız var. Bu barədə ayrıca elanlar verəcəyik. İnzibati binamızın bağlı mavzoleyə oxşamağını istəmirik, buranı yaradıcı insanların ən sevimli məkanı etmək istəyirik. Kimin yeni ideyaları varsa, bizə yönəlsinlər”. 

Lisenziyasız film və seriallardan da danışan Murad Dadaşov vurğulayıb ki, Azərbaycan telekanallarının son illər ərzində dünyaya çıxması televiziya rəhbərləri qarşısında çox ciddi tələblər qoyur:

“Efirə çıxan bütün məsulların mütləq şəkildə hüquqları qorunmalıdır, filmlər və musiqilər də bura daxildir. Eyni zamanda efirə yalnız lisenziyalı məhsullar çıxarıla bilər. Qeyd edim ki, uzun illər televiziyada yayımlanan filmlərin böyük qismi lisensiyasız olub, yəni müəlliflərin hüquqları nəzərdə tutulmamışdı. Ona görə çalışacağıq ki, nümayiş etdirdiyimiz filmlər lisenziyalı olsun”. 

Dürrə Həsənova