Xəbər verdiyimiz kimi, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan 15 ədəd ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ədəd ağacın isə qanunsuz olaraq budanması ilə bağlı cinayət işi açılıb.
Məsələ ilə bağlı sözügedən xəstəxananın Baş həkimi Nizami Mehdizadə Unikal.org-a açıqlama verib. Bildirib ki, ağacları kəsdirməklə bağlı hər hansı göstəriş verməyib:
"Baş həkim ağac kəsdirəndi? Mən bura yeni təyin olunanda xəstəxananın həyətindəki kol-kosları təmizləmək üçün işlər görülüb. İndi cinayət işi açılıb. Araşdırmalardan sonra kimin günahkar olduğu müəyyənləşəcək. Yəhya Qasımov mənim təsərrüfat işləri üzrə müavinimdir. Ona da ağacları kəsdirmək üçün göstəriş verməmişəm."
Qeyd edək ki, Bərdə rayon prokurorluğunda aparılmış araşdırmalarla cari ilin yanvar ayında qeyd edilən xəstəxananın baş həkimi Nizami Mehdizadənin göstərişi əsasında təsərrüfat şöbəsinin müdiri Yəhya Qasımov tərəfindən həmin ağacların məhv edilməsi və nəticədə təbiətə maddi ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Famil Fərhadoğlu