Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 98 nömrəli Qərarında dəyişiklik edib.
Unikal.org xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, qərarın adında və 1-ci hissəsində “2020-ci ildə” sözləri “2020-ci və 2021-ci illərdə” sözləri ilə əvəz edilib.
Bununla da qərar 2021-ci ili də əhatə edəcək.
Yeni qərarla sığorta haqqının ödənilməsi qaydasına da dəyişiklik edilib.
Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:
- 2020-ci il üzrə - icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;
- 2021-ci il üzrə - icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.
Bundan əvvəlki qərara əsasən, sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edirdi.