Ötən gün axşam saatlarında yol polisi Milli Məclisin deputatı Razi Nurullayevin idarə etdiyi avtomobili saxlayıb.
Unikal.org xəbər verir ki, bu barədə R.Nurullayev bildirib.
Deputat yol polisinin onu saxlamasından və davranışından narazılıq edib:
"Yol polisi əməkdaşı özünü Kərimov Nurlan kimi təqdim etdi. Saat 22.50.
Birincisi, maşının arxasınca düşüb saxlamaq nə deməkdir? Quldur qovur bu, yoxsa oğru? Özünü təqdim etmir. Sənəd tələb edir. Deyirəm ki, əlində planşet var, gir orada bax. Baxır.
Deyirəm mən deputatam, bu da həyat yoldaşım. Bizi niyə saxladın? Deyir ki, arxa fara yanmır, axı deyəsən. Baxırıq yanır. Nömrə üzərinə düşən işıq zəifdir.
Deyir, mütləq sənəd verin. Verdik. Gedib 5 dəqiqəyə gəlir və deyir ki, rəis deyir ki, o, deputatdırsa, sənəd göstərsin. Sözün və filmin sonu…
Bu kimi məmurun ən yüngül cəzası işindən qovulmasıdır. Özünün də, telefonla danışdığı komandirinin də.
Hər gün seyr edirəm və bir gün partlamalı idim. Novxanı yolunda sürücülərdən rüşvət toplayırlar. Hər gün qovhaqovdur.
Millət vəkilinə qarşı bu cür hərəkət edənlər, sadə vətəndaşın başına turp əkərlər və əkirlər.
Onun üçün həmişə təklif vermişəm ki, bu sistem ləğv edilməlidir.
Bu məsələdə, hörmətsizlik və qanunsuzluq edən polis nəfərlərinə güzəşt olmayacaq.
Gözləyirəm".
Razi Nurullayev onu saxlayan yol polisinin idarə etdiyi maşının nömrəsini də sosial şəbəkə hesabında yayıb.