Bakı Hərbi Məhkəməsində Dövlət Sərhəd Xidmətin vəzifəli şəxslərinin barəsində seçilən qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı təqdimatlara baxılıb.
Unikal.org xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclaslarda istintaq orqanının təqdimatları təmin edilib və təqsirləndirilən şəxslər barəsində seçilən həbs qətimkan tədbirləri 3 ay müddətinə uzadılıb.
*** 10:33
Dövlət Sərhəd Xidmətinin (DSX) həbs olunan vəzifəli şəxsləri – Sakit Muradov, Samiq Əzizov, Nemət Pənahov, Elçin Vəliyev, Müzəffər Namazov, Abdulla Abdullayev, Xalis Quliyev məhkəməyə gətirilib.
Unikal.org-un məlumatına görə, adıçəkilən şəxslər barələrində seçilən həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinə gətiriliblər.
Onlar barəsində olan təqdimata hakim Elbəyi Allahverdiyev baxacaq.
Qeyd edək ki, təqsirləndirilən şəxslər bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılıblar.
Rəsmi məlumatda qeyd edilib ki, DSX-nin rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.
Əfqan Nağıyev bir müddət əvvəl məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.(report)