UEFA Avropa Liqasında Latviyanın "Riqa" və San-Marinonun "Tre Fiori" komandaları arasındakı matç 8-ci dəqiqədə dayandırılıb.
Unikal.org-un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna güclü külək səbəb olub.
Təşkilatçılar komandalar və yerli hakimiyyət nümayəndələri ilə müzakirələrdən sonra oyunu bərpa etməməyi qərara alıblar. Onlar qarşılaşma iştirakçılarının təhlükəsizlikləri naminə bu addımı atıblar.
“Riqa” - “Tre Fiori” cütünün qalibi III təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandası ilə üz-üzə gəlməlidir. Həmin cüt isə pley-offda Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqiblərindən biri olacaq.
Matçın yeni tarixi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, oyun "Skonto" stadionunda keçirilib. Görüş dayandırıldığı vaxt hesab bərabər olub - 0:0.