Millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu İspaniyanın "Albasete” komandası Sequndanın I turunda "Espanyol"a 0:3 hesabı ilə məğlub olub. 

Unikal.org xəbər verir ki, görüşdən sonra "Eldigitaldealbacete" nəşrinə danışan Eddi məğlubiyyətə şərh verib. 

"Baş məşqçinin bizdən istədiyi kimi pozitivlik və nikbinliklə çalışırıq. Yeni komandayıq, mövsüm ərzində iddialılar sırasında olmaq niyyətindəyik. Özümü çox yaxşı hiss edirəm. Mövsüm yeni başlayıb, daha yaxşı oynayacağıma inanıram. Komandaya gənc və çalışqan futbolçular qoşulub. Onların böyümək istədiklərini gördüm. Kollektivimiz möhtəşəmdir, yeni qoşulanlarla birlikdə böyük qrup yaratdıq", deyə 28 yaşlı yarımmüdafiəçi bildirib. 

 "Albasete” II turda sentyabrın 20-də evdə "Ponferradina” ilə qarşılaşacaq.

Qeyd edək  ki, Eddi İsrafilov koronavirus pandemiyası səbəbindən Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunlarında iştirak edə bilməyib. 

Xatırladaq ki, futbol üzrə Azərbaycan millisinin və İspaniya "Albasate"sinin futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər. Buna səbəb isə, 27 yaşlı yarımmüdafiəçinin 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılmasıdır.