Gənclər və İdman Nazirliyi bəyanat yayıb.
Unikal.org-un məlumatına görə, bəyanatda deyilir:
Sentyabrın 27-də saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutur.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dərhal genişmiqyaslı əks hücum əməliyyatlarına başlamışdır. Düşmən qısa müddət ərzində layiqli cavabını almış, böyük itkilər vermişdir. Azərbaycan ordusu 7 kəndimizi, Murov dağı silsiləsindəki Murov zirvəsi və Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəkliyi işğalçı qüvvələrdən təmizləyib.
Ordumuzun zəfərlərindən qürur duyaraq, uzun illərdi bütün sahələrdə aktiv iştirak edən gənclərimiz, saysız-hesabsız beynəlxalq yarışlarda qələbələr qazanıb, bayrağımızı yüksəldərək himnimizi səsləndirən idmançılarımız adından bildiririk ki, biz hər zaman olduğu kimi Prezdient İlham Əliyevin siyasətini dəstəkləyirik. Hər bir gəncimiz, yaşından asılı olmayaraq idman ictimaiyyətinin hər bir üzvü Ali Baş Komandanın ətrafında sıx birləşib. İstənilən an ordumuza qoşulmağa, ön cəbhədə döyüşməyə hazırdır.
"Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!". Ali Baş komandanın bu sözləri hər bir azərbaycanlının hədəfi, amalı, arzusudur".