Parisli qadın miras qalmış mənzilin zirzəmisində içərisində 500 min avrodan çox pul olan çamadan tapıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  55 yaşlı Annanın anasından miras qalan mənzil Champ de Mars yaxınlığında dəbdə olan bir ərazidə yerləşir. Avqust ayında o, rieltorlara mənzilin satışını hazırlamağı tapşırıb. Bu prosesin gedişində ona bitişik olan zirzəmiyə dair sual ortaya çıxıb. Sənədlərə görə həmin tikili miras qalmış daşınmaz əmlak siyahısına salındığı halda başqa bir şəxs tərəfindən tutulub və ağzı kilidlənib.

Qadın həmin şəxsə bir qeyd buraxıb və bir ay cavab gəlmədikdən sonra çilingər çağırıb. Axtarışlar zamanı zirzəmidə 100, 50 və 10 avro pullarla dolu bir çamadan tapılıb. Ümumilikdə 500 min avrodan çox olub.

Çağırılan polislər çamadanı Maliyyə Təhqiqat Qrupunun (BRIF) çirkli pulların yuyulması üzrə ixtisaslaşmış əməkdaşlarına təhvil veriblər.

Onlar çamadanın mənşəyini və sahiblərini təyin etməyə çalışacaqlar.