Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov xarici ölkələrin gənclər və idman sahələrinə məsul nazirliklərinə, beynəlxalq təşkilatlara və digər aidiyyəti qurumlara Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzü özündə əks etdirən məktub göndərib.
Unikal.org-un məlumatına görə, məktubda bildirilir ki, 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü nəticəsində ölkəmizin ərazilərinin 20 faizi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) və digər 7 rayon işğal edilib, 20 min azərbaycanlı həlak olub, 50 min insan yaralanıb və müxtəlif dərəcəli xəsarət alıb, 5 mindən artıq azərbaycanlı əsir və itkin düşüb. Bununla yanaşı, məktubda Ermənistanın öz ərazisində və işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminə baxmayaraq Ermənistan silahlı qüvvələrinin davamlı olaraq Azərbaycan ərazisindəki mülki əhalini və hərbi mövqelərini hədəfə alması, nəticədə yüzlərlə vətəndaşımızın öldürülməsi və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması öz əksini tapıb
Məktubda 1992-ci ilin fevral ayında Ermənistan ordusu tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında da məlumat yer alıb. Nazir Ermənistanın Cenevrə Konvensiyasını, o cümlədən, BMT-nin Uşaq Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmasını da xüsusi diqqətə çatdırıb.
Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin mühüm məqamlarını özündə əks etdirəm məktubun sonunda 27 sentyabr 2020-ci il tarixdə səhər saat 06:00-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutması bildirilir. Nəticədə Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 5 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub, 19 nəfər mülki şəxs müxtəlif növ bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Mülki vətəndaşlar arasında itki sayının artması da bildirilib.