27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mütəmadi olaraq Azərbaycan Respublikasının mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat törədir və işğalçılıq siyasətini davam etdirir. Bu təxribata cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir. Bu gün Azərbaycan Ordusu düşmənin layiqli cavabını verir, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Azərbaycan Ordusu döyüş meydanında, xalqımız isə arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamı xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Unikal.org xəbər verir ki, sərəncama uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin də yüzlərlə əməkdaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş əməkdaşlarımızdan 140 nəfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub. Düşmənə layiqli cavab verən Ordumuzun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən nazirlik əməkdaşları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Hərbi əməliyyatlar hazırda kənd təsərrüfatının ən aktiv dövrünə təsadüf edir. Nazirlik əməkdaşları əkinin aparılması, məhsulların toplanılması və aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi məqsədilə cəbhəyanı rayon və kəndlərə ezam olunub. Nazirlik əməkdaşları təmas xəttinə yaxın ərazilərdə mütəmadi monitorinq aparır, aqrar sahədə cari işlərin düzgün təşkili məqsədilə fermerlərə lazımi tövsiyə və məsləhətlər verirlər. Təmas xəttinə yaxın kəndlərdə payızlıq şumun aparılması, aqrotexniki qulluq işlərinin görülməsi ilə bağlı proses tam nəzarətdə saxlanılır.
Kənd Təsərrüfatı Nazirliyinin bütün əməkdaşları döyüşə hazırdır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyir.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli Ordumuza uğurlar və şanlı qələbə arzu edirik.
Qələbə bizimlədir!
Qarabağ Azərbaycandır!