Sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa bu gün Yerevandan daha çox canfəşanlıq edir. Fransa prezidenti Emmanuel Makron daha irəli gedərək “Qarabağın yenidən "ələ keçirilməsini" qəbul etməyəcəyik” bəyənatını verir. Öz doğma, müqəddəs torpaqlarını azad etmək iradəsini ortaya qoyan Azərbaycanı terrorçularla işbirliyində suçlamağa cəhd edən Fransa bu işdə Türkiyənin də iştirakçılığını dəlilsiz, sübutsuz bəyanatlarla səsləndirir.
Əslində tarixi vərəqlədikdə hər şey aydın olur. Ancaq cənab Makronun nəzərinə çatdırıram ki, Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müddət hazırlaşdığı və bu gün başlatdığı Azərbaycana qarşı hücumu hazırda bütün cəbhə boyu davam edir. Bu beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilmişdir.
Təəssüf ki, bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonuna hərbi təcavüzünə işğalçı Ermənistanın silahlı hücumuna, qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty İnternational, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəyidi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq. Buna görə də, biz, xarici dövlət başçılarını, beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq. Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Beynəlxalq hüquq ərazi işğal edən dövləti həmin ərazidə beynəlxalq hüquq normalarının pozulmasına görə tam məsul görür. Bu cinayətin cəzasız qalması isə beynəlxal təşkilatların məsuliyyəti olacaqdır.
Əminliklə deyə bilərik ki, cənab Ali baş komandanımızın rəhbərliyi və rəşadətli ordumuzun şücaiyəti nəticəsində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu yaxın zamanda reallığa çeviriləcəkdir. Allah ordumuzu qorusun!
Milli Məclisin Səhiyyə komitəsinin sədri,
akademik Əhliman Əmiraslanov