Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının iclası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, videokonfrans formatında keçirilən iclasa dünyanın 100-dən çox ölkəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi qatılıb.
Tədbirin əsas mövzusu suyun mühafizəsi üzrə transsərhəd əməkdaşlığın gücləndirilməsi və suya bərabər çıxışın təmin edilməsi olub.
ETSN-nin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı çıxış edərək görüş iştirakçılarını Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında olmasını qeyd edərək Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktlarının qınanılmasına çağırıb.
O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, qarşı tərəf bu qətnamələrə məhəl qoymur. Əksinə, işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət aparır.
Beynəlxalq ekoloji ictimaiyyətə müraciət olunaraq, Ermənistanın regiondakı işğalçı siyasətinə, bunun nəticəsində illərlə davam edən ekoloji terrora son qoyulması üçün qətiyyətli tədbirlərin görülməsinə çağırış edilib.