Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir.

Unikal.org xəbər verir ki, cəmiyyətimizdə mövcud olan milli həmrəylik və ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlar bir daha göstərir ki, Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etməyə qadirdir.

Xalqımızın birlik və bərabərlik nümayiş etdirdiyi bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi də ordumuza dəstək məqəsdilə bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

Məlumat üçün bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsis olunub. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.