Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.
Unikal.org xəbər verir ki, yığmamız Millətlər Liqasında III turun oyununa çıxacaq.
C liqasının 1-ci qrupunda mübarizə aparan Canni de Byazinin yetirmələri Monteneqro ilə görüşəcək. Qarşılaşma Podqoritsadakı Şəhər stadionunda təşkil olunacaq.
Turnirə Lüksemburqa ev məğlubiyyəti (1:2) ilə başlayan, ardından Kiprdə qələbə (1:0) əldə edən millimiz ardıcıl 2-ci səfər matçına çıxacaq. Futbolçularımız əvvəlki qarşılaşmalarda olduğu kimi yenə meydanı qolsuz tərk etməməyə çalışacaq. Lakin bunun üçün rəqibin güclü müdafiə xətti yarılmalıdır. Monteneqrolular ilk iki turda qapısını toxunulmaz saxlamağı bacarıb ki, bu da balkanlıların arxa xəttinin gücündən xəbər verir.
Qələbə ilə liderə çatmaq şansı olan millimiz ardıcıl ikinci görüşdə qalib gəlmək üçün mübarizə aparacaq. İlk iki matçı səfərdə keçirməsinə baxmayaraq, itkisiz irəliləyən rəqib doğma meydanda ilk sınağına çıxacaq.
Qrupun favoriti olan rəqib üzərində qələbə millimizin 1-ci yer iddiasını təsdiqləyəcək. Məğlubiyyət isə komandamızın B liqasına vəsiqə uğrunda mübarizədəki şansını minimuma endirəcək.
De Byazinin yetirmələri I dövrənin son matçına itki ilə yollanıb. Cəzalı Mahir Emreli komandaya kömək edə bilməyəcək. Düzdür, rəqib də cəzalı durumda olan Stefan Saviçin xidmətindən məhrumdur.
Qeyd edək ki, Monteneqro – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.