Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kiril Krivoşeyevin Qarabağda münaqişə zonasından və Gəncədən hazırladığı məqalə “Atəşkəsə “Toçka” qoyulur. Azərbaycana yenidən raketlər uçur” sərlövhəsi ilə dərc edilib.
Unikal.org xəbər verir ki, müxbir əvvəlcə Tərtər rayonundan, burada Ermənistan ordusunun atdığı mərmilər nəticəsində dağılmış evlərin, yerli əhalinin zirzəmilərdə daldalanmasının şahidi olduğunu yazır. Müəllif bildirir ki, Bakıda Rusiya jurnalistləri üçün təşkil edilmiş brifinqdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov, deputat Nizami Səfərov və “Bakinski raboçi” qəzetinin baş redaktoru Rəhman Hacıyev onları münaqişə zonasında baş verənlər barədə məlumatlandırıblar.
Oktyabrın 11-də səhər Ermənistan ordusunun Gəncəyə raket atmasını eşidərək şəhərə gələn rusiyalı müxbir raketin yaşayış binasına düşməsi nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların olduğunu, su anbarı və su elektrik stansiyasının yerləşdiyi Mingəçevirin də atəşə tutulduğunu yazır. Gəncədə yaşayış evinin tamamilə dağıldığı, ətraf tikililərə də ciddi ziyan dəydiyi bildirilir.
Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin brifinqdə Ermənistan tərəfinin atəşkəsi pozması, işğaldan azad edilmiş Cəbrayıl və Hadrutu geri qaytarmaq cəhdləri, Ağdamı atəşə tutması barədə fikirləri yer alıb.