Fransanın paytaxtı Parisdəki Azərbaycan səfirliyinin binası qarşısında Ermənistan tərəfindən Gəncədə çoxmərtəbəli yaşayış binasına raket hücumu nəticəsində həlak olan mülki şəxslərin xatirəsi anılıb.

Unikal.org xəbər verir ki, erməni vandalizmini dünyaya tanıtmaq məqsədilə səfirliyin binası qarşısında qərənfillər və şamlar düzülmüş stolun üzərində uşaq oyuncaqları, Ermənistanın raket hücumu nəticəsində xəsarət alan məsum körpələrin şəkilləri düzülüb.

Anım mərasimində Türkiyənin Fransadakı səfiri İsmail Hakkı Musa və bu ölkədəki türk diplomatlar da iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ermənistanın mülki əhalini və infrastrukturu hədəfə aldığını, ölkəmizin ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzində çoxmərtəbəli yaşayış binalarına raket hücumu etdiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, raket hücumu nəticəsində dinc sakinlər həlak olub, aralarında körpə və uşaqlar da olmaqla, çox sayda insan yaralanıb. Diplomat qeyd edib ki, Ermənistan rəhbərliyi mülki əhalini hədəfə almaqla öz riyakarlığını bir daha aydın göstərdi.

Parisdə yaşayan 8 yaşlı Teyyubə İsmayıl sevimli oyuncaqlarını Gəncədə xəsarət alan uşaqlara hədiyyə üçün masanın üzərinə qoyub.

Gün ərzində Fransadakı diasporumuzun üzvləri, eləcə də Azərbaycanı sevən fransızlar Gəncə qurbanlarının xatirəsinə ehtiram olaraq anım guşəsinə gül-çiçək dəstələri düzüblər.