Xəbər verdiyimiz kimi, bu gün Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində qaz açılışı təmin edilib. 

Unikal.org xəbər verir ki, açılışda Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, qaz təsərrüfatının işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər. Əvvəlcə bütün sakinlər Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə münasibətilə hamını təbrik ediblər. Qışın yaxınlaşdığını və bununla əlaqədar havaların soyuduğunu xatırladan İ.Gülməmmədova Qobuluların bundan sonra qazla əlaqədar problemlərinin olmayacağını vurğulayıb.

Ruslan Əliyev isə qeyd edib ki, ölkədə icra edilən qazlaşma layihələri Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları vaxtında reallaşdırılır.

Qeyd edək ki, qaz açılışına dair tədbir ölkədə koronavirus pandemiyasının yayılmasına dair tətbiq edilən karantin rejiminin tələbləri gözlənilməklə təşkil olunub.

Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 159 metr olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.