Qırğız Respublikasının Ali Məhkəməsi keçmiş prezident Almazbek Atambayev barəsində çıxarılmış 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ləğv edib.
Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti”yə məhkəmənin dəftərxanasından bildiriblər.
Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə Qırğız Respublikasına rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki iqamətgahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirmişdi ki, bu ittihamları siyasi təqib hesab edir.
Xatırladaq ki, Bişkekin Pervomay rayonunun Məhkəməsi cinayətkar aləmin tanınmış fiqurlarından olan Əziz Batukayevin qanunsuz olaraq azadlığa buraxılması işi üzrə bu ilin iyununda A.Atambayevi 11 il müddətinə azadlıqdan məhrum etmişdi. Ə.Batukayev 2006-cı ildə 16 il azadlıqdan məhrum edilmişdi.
A.Atambayev bu ilin oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı.