"2020-ci il tarixdə qalır. 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaqdır. Azərbaycan Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad etmişdir. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu, tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik”.
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində deyib.
30 ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində danışıqların aparıldığını xatırladan dövlət başçısı qeyd edib ki, danışıqlar heç bir nəticə vermədi: “Faktiki olaraq, Ermənistan bu danışıqlarda, sadəcə olaraq, vaxt uzatmaq istəyirdi. Danışıqların imitasiyası prosesi gedirdi. 2003-cü ildə mən birinci dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə bəyan etmişdim ki, mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Prezidentlik dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüququn norma və prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir”.
Azərbaycan Prezidenti əlavə edib ki, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı: “Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir. Ermənistan, sadəcə olaraq, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir və danışıqlarda iştirak etməklə, sadəcə olaraq, görüntü yaradır ki, elə bil, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edirlər. İllər keçdikcə ümidlərimiz azalırdı. Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda, açıq görürdüm ki, əgər biz güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni həll edə bilmərik. Biz birinci Qarabağ müharibəsində torpaqlarımızı nə üçün itirdik? Ona görə ki, o vaxtkı Azərbaycan rəhbərliyi öz vəzifə borcunu yerinə yetirə bilmirdi. 1992-ci ildə Şuşanın, Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi faktiki olaraq Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı və ondan sonra digər torpaqların işğalı qaçılmaz idi. Ordumuz demək olar ki, dağılmışdı, nizami ordu yaradılmamışdı, cəsarətli, qəhrəman övladlarımız, sadəcə olaraq, qəhrəman kimi vuruşaraq şəhid olurdular, torpaqlarımız əldən gedirdi. Gücümüz yox idi. Ona görə güc amili ön plana çıxdı. Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır. Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil”.