13-14 fevralda Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olunub.
Unikal.org Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən Akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və Aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar qərar çıxarıb.
Qeyd edək ki, Bakıda İdman gimnastikası üzrə Dünya Kuboku (4 - 7 mart), Bədii gimnastika üzrə Dünya Kuboku (7 - 9 may), Aerobika gimnastikası üzrə 9-cu Dünya yaş qrupları yarışları (21 - 23 may), Batut gimnastikası və tamblinq üzrə 35-ci Dünya Çempionatı (11 - 14 noyabr) və 28-ci Dünya yaş qrupları yarışlarının (19 - 22 noyabr) keçirilməsi nəzərdə tutulur.