Kişi voleybolçular arasında Avropa çempionatının final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib.
Unikal.org xəbər verir ki, seçmə mərhələnin C qrupunda mübarizə aparan Türkiyə yığması 2021-ci ilin qitə çempionatına vəsiqəni təmin edib.
“Ay-ulduzlular” IV turun Şimali Makedoniya ilə görüşünün gedişində AVRO-2021-ə yüksəlib. Bunun üçün bir set qazanması yetərli olan qardaş ölkə təmsilçisi ikinci hissədə 25:21 hesablı qələbəyə sevinib. Hazırda davam edən görüşdə 1:2 (19:25, 25:21 23:25) hesabı ilə geridə olması da “ay-ulduzlular”a mane olmayıb.
Türkiyə turnirdə oynamaq hüququ qazanan 14-cü komanda olub. Polşa, Çexiya, Estoniya və Finlandiyanın meydan sahibini kimi qatılacağı turnirə Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya, Belçika AVRO-2019-un ən yaxşıları kimi yüksəlib. Latviya isə seçmə mərhələnin D qrupunda qalib adına yiyələnib.
Qeyd edək ki, final mərhələsinə vəsiqələr uğrunda mübarizə aparacaq komandalar sırasında Azərbaycan yığması da var. Millimiz F qrupunda Gürcüstan, Yunanıstan və Monteneqro ilə iki dövrədə qüvvəsini sınayacaq.