Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksindən tarixi dini təsvirlər olan freskaların sökülərək Ermənistana aparılması müzakirə olunur. Bu barədə monastırda işləyən erməni din xadimi reportyor Semyon Peqovun “Wargonzo” kanalına müsahibəsində özü də etiraf edir.
Ermənistan tərəfinin bu vandallıq əməli ilə bağlı Unikal.org AMEA Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin fikirlərini alıb.
Alim qeyd dib ki, bu freskaların erməni tarixi və mədəniyyətinə heç bir aidiyyəti yoxdur: "Erməni din xadiminin Semyon Peqovun “Wargonzo” kanalına müsahibəsində özü qeyd edir ki, Xudavəng monastırından freskaları söküb Ermənistana aparıblar. 10 noyabr – 25 noyabr tarixləri arasında oğurlayıblar. Freskada müqəddəs Nikolasın təsviri əks olunub. Orada müqəddəs Nikolas İncili Müqəddəs Stefana təqdim edir. Xudavəng kompleksinin içində Arzuxatın kilsəsindən iki freska oğurlanaraq Ermənistana aparılıb. Bu freskalar XIII əsrin birinci yarısına aiddir. Bu freskaları Alban-Xaçın hökmdarlarından Həsən Cəlalın anası Arzuxatın çəkdirib. Erməni kilsələrinin heç birində müqəddəs Nikolas təsviri yoxdur. Çünki müqəddəs Nikolas diofizitdir, ermənilər isə monofizitdir. Onlar öz kilsələrinə müqəddəs Nikolasın freskalarını çəkmirlər".
R.Əlizadə müqəddəs Nikolas haqqında da məlumat verib: "Müqəddəs Nikolas Türkiyənin qərbində tarixən mövcud olmuş Patara şəhəri yaxınlığında anadan olub. Geleneş kəndinin yaxınlığında doğulub. Türkiyədə indi də belə yer var. Onun xarabalıqları da məlumdur. Səlibçilər Anadoluya səfərində onun qəbrini aparıblar. İtaliyada Barri şəhəri yaxınlığında dəfn ediblər. Onun üzərində kilsə tikiblər. Həmin kilsədə də müqəddəs Nikolasın təsvirləri yer alıb. Biz həmin təsvirlərlə də müqayisə aparmışıq. Bunun erməni mədəniyyətinə və tarixinə aidiyyəti yoxdur. Ermənilər əslində bu freskaları söküb aparmaqla, monastır kompleksini erməniləşdirməyə cəhd edirlər. Əgər o freskalar yerində olsaydı, bu, kilsənin ermənilərə aid olmadığının sübutu kimi öz əksini tapmış olacaqdı. Biz YUNESKO-ya da bununla bağlı müraciət edirik. Bu mövzuda bəyanat da hazırlanır. Çalışırıq ki, ermənilərin bu əməllərinə adekvat reaksiya verilsin. Həmçinin həmin freskalar qaytarılaraq yerinə gətirilsin".
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov da sosial şəbəkə hesabında məsələyə münasibət bildirib: "Hələ XX əsrin 70 ci illərində bu freskanı araşdıran L.Durnova özü də Dadivəngdə Müqəddəs Nikolayın freskasını analiz edib özü də müəmmaya qapılmışdı. Durnova hətta yazırdı ki, bu Müqəddəs Nikolay ola bilməz, çünki Erməni kilsələrində Müqəddəs Nikolay kultu qəbul edilməmişdi. (Л.А.Дурнова. Очерки изобразительного искусства средневековый Армении.Москва, 1979. S. 153-154). Hətta XX əsrin 80-ci illərində erməni alimləri B. Ulubabyan və M. Asratyan Durnovanın fikrini təsdiq edib əvvəlcə deyirdilər ki, bu freskada Müqədəs Nikolay deuil. Çünki onlar da anlayırdı ki, bu freskada Müqəddəs Nikolay təsviri olması onu erməni kilsəsi olmaqdan uzaqlaşdırır. Lakin sonralar qəbul etməli olmuşdular ki, bu freskadakı Müqəddəs Nikolaydır", - deyə alim qeyd edib.
Coşqun Əli